Bu gün avrokuboklarda daha 2 komandamız mübarizəni davam etdirəcək.

Səfərdə “Makkabi” Hayfaya 3:0 hesabı ilə qalib gələn “Sabah” bu dəfə rəqibini Masazırdakı “Bank Respublika” Arenada qəbul edəcək. Komandamızın baş məşqçisi Krunoslav Renduliç oyundan əvvəl təşkil olunan mətbuat konfransında ehtiyatlı danışıb. O, rəqibin hər şeyə qadir komanda olduğundan bəhs edib: “Bizi cütün ikinci görüşü gözləyir. Rəqib çox möhtəşəm klubdur. Çox ağır oyun olacaq. Əlimizdən gələni edib qələbə qazanmalıyıq" SİTATIN SONU. Qeyd edək ki, “Sabah” – “Makkabi” Hayfa qarşılaşması bu gün saat 20-də start götürəcək. Görüşü Peter Kraloviçin rəhbərlik etdiyi Slovakiyalı hakimlər briqadası idarə edəcək.

UEFA Konfrans Liqasındakı digər təmsilçimiz “Zirə” isə səfərdə Slovakiyanın “Dunayska Streda” kollektivi ilə görüşüb. Bakıdakı matçda 4:0 hesabı ilə Slovakiya təmsilçisini darmadağın edən “Zirə” səfərdəki matça da ciddi hazırlaşıb. Komandamızın baş məşqçisi Rəşad Sadıqov oyunla bağlı bunları deyib: “Rəqib ev oyunlarında çox güclü təsir bağışlayır. Hər ev görüşlərində onları böyük azarkeş kütləsi dəstəkləyir. İlk qarşılaşmada qələbə qazanmışıq və müəyyən üstünlüyümüz var. Rəqib komanda ilk dəqiqələrdən təzyiq göstərəcək və bu fərqi aradan qaldırmağa çalışacaq. Biz də öz növbəmizdə çalışacağıq mərhələni adlayan tərəf olaq. İnanıram ki, sabah ən yaxşı görüşlərimizdən birini keçirəcəyik” SİTATIN SONU. Qeyd edək ki, “Dunayska Streda” – “Zirə” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Oyunu Yovan Kaçevskinin rəhbərlik etdiyi şimali makedoniyalı hakimlər briqadası idarə edəcək.